60-cı illər... Bu zaman kəsiyində Azərbaycan incəsənətinin yeni mərhələsi- intibah mərhələsi başlandı. Şüurlara hopmuş müqavimətsizliyi, əzilmək xofunu darmadağın etmək istəyindənmi yaranmışdı bu "intibah mərhələsi"? Rejimin sifarişi ilə yazılan tarixə, uydurulan fenomenal ədəbiyyata, bəstələnən not "yığımı"na üstüörtülü cavab idimi 60-cı illərin sənət dirçəlişi? Hər halda əsrimizin bu dönəmində çarpaz fikirləri toqquşdura biləcək maraqlı və yaddaqalan sənət meyarları formalaşmışdı. Ən əsası isə bu idi ki, qara fəhləsindən "qara" kürsüdə oturanına kimi hər kəs bu formalaşmanı fərq edə biləcək dərəcədə "ziyalı" olmağa məcbur deyildi. Ədəbiyyat və incəsənətin bütün şaxələrində peşəkar və yaradıcı bir sistem formalaşmışdı. Bu dinamikanın fonunda "quruluş" yırtıcılığının qabarıq təzahürü nəzərə çarpsa da, tarixin qızıl səhifələri yazıldı. Bu səhifələrin fonunda isə, özfəaliyyət mexanizmləri hələ dumanlı təsəvvürlərdən başqa bir şey deyildi.
Kainatı diz çökdürən heybətli fatehlər, ölkələri viran qoyan sərkərdələr belə, mədəniyyəti məxsus olduğu xalqın sivil təfəkkürünə yüksək təkan verə biləcək amil hesab etmişlər. Həqiqətən də insan oğlu yaşadığı mühit etibarilə yazıdan-pozuya, səsdən-səssizliyə, zildən-bəmə məhz qidalandığı mədəniyyətin inkişafına cəhd göstərir.
Qaya rəsmlərinin yazılı şahidi Qobustanın ucsuz-bucaqsız soyuq divarlarında əks-səda verən Üzeyir musiqisinin notlarına hopmuş Füzuli, Nizami dühası böyük xalqın özü qədər şərəfli keçmişinə çıraq tutur. Mədəniyyətin öncülləri sırasında əzmini əsirgəməyən, janr etibarilə müxtəlif sahələrdə əvəzsiz xidmətlər göstərmiş şəxsiyyətlərin yaşanmış məqamlarının qiyabi bələdçi kimi zəngin Azərbaycan incəsənətinin ən zərif nüanslarını çatdırmağı özümüzə borc bilirik.
Yeni nəslin öz keçmişini danmaması, çürük və bayağı ideologiya arxasınca kor-koranə qaçmaması, incəsənət sahələrinin yetənəksiz "kadrlar" ixtiyarına verilməməsi və mədəniyyətin anlamlı bir şəkildə qavranılması naminə virtual məkanın labüd imkanlarından lazımi şəkildə bəhrələnərək, istər teatr, musiqi, kino, istərsə də təsviri incəsənətin mövcud qollarını səhifəmizdə işıqlandırmağa nail olduq. Unutmaq olmaz ki, hər dövrdə maarifçilərimiz cəmiyyətin savadlanması, tərəqqisi yönündə mübarizə metodlarını mənımsətmiş, məhdud da olsa, ziyalı çevrəsi yaratmışlar. Təsadüfi deyildir ki, bu gün hər bir Azərbaycanlı gəncinin qəlbində azacıq da olsa, böyük mədəni irsin zərrəciyi vardır.